Böyük Britaniyanın Kiprdə, Akrotiridəki hərbi hava bazası çoxsəviyyəli təhlükəsizlik tədbirləri ilə qorunur.
Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib.
Onun sözləri “Financial Times”ın Tehranın ABŞ-nin İrana qarşı yenilənmiş hərbi əməliyyatı halında Kipri potensial hədəf hesab etməsi barədə xəbərinə cavab olaraq verilib. Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Akrotiri aviabazası davamlı olaraq nəzərdən keçirilən güclü çoxsəviyyəli təhlükəsizlik tədbirləri ilə qorunur. “Əməliyyat təhlükəsizliyi səbəbləri ilə bu tədbirlərin təfərrüatları barədə şərh vermirik”, – sözçü deyib.
O, həmçinin qeyd edib ki, Britaniya personalının, bazalarının və əmlakının təhlükəsizliyi nazirliyin əsas prioritetidir. Nümayəndə əlavə edib ki, Kiprdəki bazalar Britaniya vətəndaşlarının, Aralıq dənizi və Yaxın Şərqdəki müttəfiq dövlətlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Xatırladaq ki, “Financial Times” əvvəllər İranın münaqişənin şiddətlənəcəyi təqdirdə ABŞ-nin Cənub-Şərqi Avropadakı hərbi obyektlərinə zərbə endirmək ehtimalını qiymətləndirdiyini bildirib. Nəşrin məlumatına görə, potensial hədəflər arasında Bolqarıstan və Kiprdəki ABŞ obyektləri də var idi.
Martın 2-də Akrotiri hava bazasına pilotsuz təyyarə hücum edib. Kipr hakimiyyəti İran istehsalı olan pilotsuz təyyarənin Livandan atıldığını bildirib. Hücum nəticəsində bazaya “minimal” ziyan dəyib.


