• Home  
  • XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir
- Cəmiyyət - Gündəm - Ölkə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir. Əks-səda xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə ünvanladığı bəyanatında deyilir. […]

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir.

Əks-səda xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə ünvanladığı bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, altı il öncə, Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Ermənistanın ölkəmizin ərazilərinin təxminən 30 il davam etmiş işğalına son qoyulub, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad edilməsi ilə Vətən müharibəsində Qələbə təmin edilib:

“2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam olaraq bərpa edilib.

Vətən müharibəsində qazanılmış Zəfər sübut etdi ki, heç bir qüvvə milli birliyi, dövlətçilik əzmini və xalqımızın öz torpaqlarına sahib çıxmaq qətiyyətini sarsıda bilməz”.

XİN qeyd edib ki, son illər ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir:

“Böyük Qayıdış” proqramı çərçivəsində müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan həmçinin regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini irəlilədir. Azərbaycanın keçən dövr ərzində Ermənistana münasibətdə qarşılıqlı etimadın yaradılması istiqamətində atdığı məqsədyönlü və ardıcıl addımlar Cənubi Qafqaz regionunun münaqişə deyil, sülh və tərəqqi məkanına çevrilməsinə xidmət edir. Bütün bunlar, Azərbaycanın yaratdığı reallıqlara görə mümkün olub.

Zəfərimiz tariximizin qüruru, dövlətimizin qüdrəti, xalqımızın əbədi iftixarıdır.

Bu əlamətdar gündə Vətənimizin azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.

Zəfər Günümüz mübarək!”

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.