ABŞ-də Nyuarkdan (Nyu-Cersi ştatı) Nyu-Orleana (Luiziana ştatı) uçan “United Airlines” aviaşirkətinin reysinin sərnişini, üzərində partlayıcı qurğu olduğunu bildirdikdən sonra saxlanılıb.
Əks-səda “New Jersey 101.5” radiostansiyasına istinadən xəbər verir ki, hadisə 2174 nömrəli reysin göyərtəsində baş verib.
Radiostansiyanın məlumatına görə, uçuş zamanı 34 yaşlı sərnişin özünü qeyri-adekvat aparmağa başlayıb və üzərində bomba olduğunu bildirib.
Təyyarənin göyərtəsində 46 sərnişin və altı ekipaj üzvü olub.
Baş verənlərə baxmayaraq, hava gəmisi Nyu-Orleandakı Lui Armstronq adına Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə eniş edib. Enişdən sonra şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Kişiyə partlayıcı qurğu barədə bilə-bilə yalan məlumat yaymaq və hədə-qorxu gəlmək ittihamları irəli sürülüb.
Təyyarənin göyərtəsində partlayıcı maddənin tapılması barədə məlumat daxil olmayıb.


