• Home  
  • Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyünü keçə bilmirlər
- Gündəm - İQTİSADİYYAT - Manşet - Ölkə - Siyasət

Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyünü keçə bilmirlər

Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanılıblar, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmir. Əks-səda xəbər verir ki, sürücülər əsasən “Sarp” və “Qırmızı Körpü” sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözləməli olurlar. Belə ki, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə […]

Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanılıblar, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmir.

Əks-səda xəbər verir ki, sürücülər əsasən “Sarp” və “Qırmızı Körpü” sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözləməli olurlar.

Belə ki, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə üzləşməyən sürücülərin avtomobilləri “Sarp” sərhəd-keçid məntəqəsində saxlanılır, pasport, sürücülük vəsiqəsi və digər sənədləri götürülür. Sürücülərin bir qismi artıq 15 gündür gömrük ərazisindədir və onlara gözləməli olduqları bildirilir. Bununla yanaşı sənədlərdə, yükdə və ya çəkidə hər hansı problemin olması barədə məlumat verilmir.

Analoji problem Batumidə də baş verib. Gömrük rəsmiləşdirilməsi prosesinin uzanması səbəbindən sürücülər günlərlə gözləməyə məcbur olurlar və buna baxmayaraq, saxlanılmalarının səbəbi ilə bağlı hər hansı rəsmi izahat verilmir.

Həmçinin “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində də bir neçə Azərbaycan qeydiyyat-nişanlı yük avtomobili saxlanılıb. Gömrük əməkdaşları sonradan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin xüsusi icazə sənədini tələb ediblər. Sürücülər həmin sənədi təqdim ediblər, lakin sonradan sənədin gürcü dilinə tərcüməsi istənilib.

Sürücülərin narahatlığına səbəb olan digər məsələ isə gömrük əməkdaşlarının onlara qarşı münasibətidir. Günlərlə gözləmələrinə baxmayaraq, saxlanılmalarının səbəbi barədə rəsmi məlumat verilmir, sualları cavablandırılmır və hətta bəzi əməkdaşlar kobud davranır.

Azərbaycanın Gürcüstandakı Səfirliyi tərəfindən hadisə nəzarətə götürülüb. Yaranmış vəziyyətlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə diplomatik nota ünvanlanıb və məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır.

Qeyd edək ki, bu, Gürcüstan ərazisindən tranzit keçən Azərbaycan yük avtomobillərinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı ilk hal deyil. Bu dəfə isə gözləmə müddətinin uzanması, rəsmi izahatın verilməməsi və qeyri-müəyyənlik əvvəlki hallarla müqayisədə daha ciddi narahatlıq yaradır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.