İraqın Maysan əyalətində “Əl-Zəhraa” qızlar məktəbinin 61 şagirdi boğulma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Əks-səda xəbər verir ki, bu barədə İraqın INA agentliyi əyalətin Səhiyyə Departamentinə istinadən məlumat yayıb.
“Əl-Zəhraa” qızlar məktəbində şagirdlər arasında 61 boğulma halı qeydə alınıb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, bütün zərərçəkənlər tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Bir həftə əvvəl eyni məktəbdə oxşar hadisə qeydə alınmışdı. O zaman boğulma əlamətləri ilə 84 şagird tibbi yardım üçün müraciət etmişdi.

