Pakistanda musson yağışlarının yaratdığı sel və digər təbii fəlakətlər nəticəsində son 24 saat ərzində azı 15 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Əks-səda xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) məlumat yayıb.
Məlumata görə, ölənlərdən 9-u və yaralananlardan 38-i Pəncab əyalətində, 6 nəfər isə Hayber-Paxtunxva əyalətində həyatını itirib. Bu əyalətdə daha iki nəfər xəsarət alıb.
NDMA bildirib ki, iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölkə üzrə ölənlərin sayı 72-yə, yaralananların sayı isə 187-yə çatıb.
Qeyd olunub ki, indiyədək 301 yaşayış evi və 198 baş mal-qara zərər görüb. Son 24 saat ərzində isə daha 31 evə və bir baş mal-qaraya ziyan dəyib.
Səlahiyyətli qurumlar yaxın günlərdə ölkənin müxtəlif bölgələrində güclü yağışların davam edəcəyini bildirərək əhalini ehtiyatlı olmağa çağırıblar.


