İyunun 26-dan bəri Pakistanda leysan yağışları və bununla əlaqədar baş verən hadisələr nəticəsində azı 109 nəfər həlak olub, 362 nəfər isə xəsarət alıb.
Əks-səda xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Olunması Milli İdarəsindən bildirilib.
Ən çox qurban sayı şimal-qərbdəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb – burada 55 nəfər həlak olub. Şərqdəki Pəncab əyalətində isə 36 nəfər təbii fəlakətin qurbanı olub.
Su axınları 800-ə yaxın binaya ziyan vurub, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan bəri xilasedicilər 148 əməliyyat həyata keçirib və 4 minə yaxın insanı xilas ediblər.
Pakistanda musson mövsümü, adətən, iyundan sentyabradək davam edir. Bol yağıntılar kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır, lakin tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olur.


