Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq olunacaq.
Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, xarici dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək) avqustun 1-i saat 06:00-dan avqustun 3-ü saat 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Eyni zamanda, Şeyx Şamil küçəsində (H. Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinədək) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinədək) avqustun 1-dən 3-dək yol tam bağlanacaq.
Bəzi istiqamətlərdə isə yollar artıq bağlanıb. Belə ki, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinədək) və Şıxəli Qurbanov küçəsində (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək) iyulun 31-i saat 20:00-dan nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudiyyət avqustun 3-ü saat 06:00-dək davam edəcək.
AAYDA sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi, həmçinin təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi riayət etməyi məsləhət görüb.


