Qazaxıstandan xam neft tədarükünün dayandırılması ilə bağlı yaranmış vəziyyət fonunda Rumıniya strateji neft ehtiyatlarından istifadə etməyə məcbur qala bilər.
Əks-səda xəbər verir ki, bu məsələ ilə əlaqədar Baş nazir İlie Bolojan enerji sektorunda fəaliyyət göstərən əsas şirkətlərin rəhbərləri ilə təcili görüş keçirəcək.
Məlumata görə, hökumət ölkənin enerji təhlükəsizliyini təmin etmək, yanacaq bazarında mümkün qıtlığın və qiymət artımının qarşısını almaq üçün fövqəladə tədbirlər paketini nəzərdən keçirir. Müzakirələrin əsas mövzuları strateji ehtiyatlardan istifadə imkanları, alternativ neft tədarük marşrutlarının müəyyənləşdirilməsi və neft emalı zavodlarının fasiləsiz fəaliyyətinin təmin olunması olacaq.
Bildirilir ki, Rumıniya xam neft idxalında böyük ölçüdə Qazaxıstandan asılıdır. Qazaxıstan neftinin Qara dəniz marşrutu ilə daşınmasında yaranan problemlərin uzanacağı təqdirdə ölkənin əsas neft emalı müəssisələri – Petromidia və Petrobrazi zavodlarının fəaliyyəti çətinləşə, daxili bazarda yanacaq təklifinin azalması isə qiymətlərin yüksəlməsinə səbəb ola bilər.
Rəsmi mənbələrin məlumatına görə, hazırda ölkədə yanacaq təminatında fasilə yoxdur və vəziyyət nəzarət altındadır. Bununla yanaşı, böhranın dərinləşəcəyi halda dövlətin strateji neft ehtiyatlarının bazara çıxarılması variantı da nəzərdən keçirilir. Hökumət hesab edir ki, bu addım daxili bazarda sabitliyin qorunmasına və mümkün qiymət artımının qarşısının alınmasına kömək edə bilər.
Baş nazir İlie Bolojanın enerji şirkətlərinin nümayəndələri ilə keçirəcəyi görüşdə alternativ xam neft mənbələrinin cəlb edilməsi, idxal marşrutlarının şaxələndirilməsi, neft emalı müəssisələrinin fasiləsiz fəaliyyəti və istehlakçıların maraqlarının qorunması istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir. Hökumət yaranmış vəziyyəti daim izlədiyini və zərurət yaranacağı təqdirdə əlavə tədbirlərin görüləcəyini bildirib.


