ABŞ-nin nəqliyyat naziri Şon Daffi “Ford”un rəhbəri Cim Farliyə ünvanladığı məktubunda onu Çin şirkətləri ilə tərəfdaşlıqdan imtina etməyə çağıraraq, ÇXR texnologiyalarından asılılığın milli təhlükəsizliyə təhlükə yaratdığını qeyd edib.
Əks-səda xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“”Ford” şirkəti elə bir korporativ məsuliyyət səviyyəsi nümayiş etdirməlidir ki, burada ABŞ-nin avtomobil ekosisteminin uzunmüddətli dayanıqlığı və texnoloji suverenliyi qısamüddətli razılaşmalardan, yaxud şübhəli xarici alyanslardan üstün tutulsun”, – məktubda bildirilir.
Daffi “Ford”un Çin texnologiyalarından və tərəfdaşlarından asılılığından narahatlığını ifadə edib.
Nəqliyyat Nazirliyinin rəhbəri həmçinin konserni Miçiqanda CATL-in işləmələrindən istifadə etdiyinə, İspaniyada “Geely” ilə alyans qurduğuna, BYD ilə danışıqlar apardığına və “Lincoln” istehsalının ÇXR-dən ABŞ-yə köçürülməsini ləngitdiyinə görə tənqid edib və avtonəhəngi texnoloji suverenliyin xeyrinə seçim etməyə çağırıb.


