Fransanın şimalında şəhərlərarası qatarın relsdən çıxması nəticəsində 44 nəfər xəsarət alıb.
Əks-səda xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
“Ruan və Kan şəhərləri arasındakı marşrutla hərəkət edən sərnişin qatarı 11 sentyabr, cümə günü saat 19:30 radələrində (Bakı vaxtı ilə 21:30 – red.) Kleon və Turvil-La-Rivyer kommunalarının yaxınlığında qismən relsdən çıxıb. Qatarda 200-ə yaxın sərnişin olub. Dənizkənarı Sena prefekti departamentin əməliyyat qərargahını toplayıb və çox sayda zərərçəkənə yardım göstərilməsi planının tətbiq edildiyini elan edib”, – prefekturanın bəyanatında deyilir.
Departament prefektinin sözlərinə görə, hadisə nəticəsində 44 nəfər xəsarət alıb, zərərçəkənlərdən birinin vəziyyəti kritik qiymətləndirilir.
İlkin məlumata görə, qatar hər hansı bir obyektlə toqquşub, bundan sonra vaqonlardan biri aşıb, daha dördü isə relsdən çıxıb.
Ruanın aidiyyəti idarəsi hadisənin başvermə şəraitini müəyyənləşdirir.


