ABŞ Silahlı Qüvvələrinin Okinavadakı komandanlığı yerli sakinin qətlə yetirilməsi ittihamı ilə dəniz piyadasının həbsindən sonra hərbçilər üçün komendant saatı tətbiq edib.
Əks-səda xəbər verir ki, bu barədə Okinava prefekturasında fəaliyyət göstərən ABŞ Dəniz Piyadaları Korpusunun quru əməliyyat qrupunun “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Məlumata görə, oktyabrın 7-si saat 12:00-dan oktyabrın 9-u saat 12:00-dək Okinavadakı bütün ABŞ hərbçiləri üçün davranış qaydaları və intizamla bağlı məcburi təlim keçiriləcək. Təlim müddətində hərbçilərin bütün xidmətdənkənar fəaliyyətləri, o cümlədən bazalardan kənara şəxsi səfərləri dayandırılacaq.
Təlim başa çatdıqdan sonra isə hərbçilər üçün bir ay müddətinə komendant saatı tətbiq ediləcək.
“Oktyabrın 9-u cümə günündən etibarən 30 günlük düşünmə dövrü başlayacaq. Bu müddət ərzində komendant saatı tətbiq ediləcək və alkoqoldan istifadəyə məhdudiyyət qoyulacaq. Hərbçilərə saat 00:00-dan 05:00-dək bazadan kənarda olmaq və spirtli içki qəbul etmək qadağan ediləcək”, – deyə məlumatda bildirilib.
Komandanlığın hərbçilərin baza ərazisindən kənarda davranışlarına nəzarəti də gücləndirəcəyi qeyd olunub.


