ABŞ Prezidenti Donald Tramp qeyri-adi dərəcədə yüksək sürət yığa bilən naməlum uçan obyektləri gördüklərini iddia edən amerikalı hərbi pilotlarla şəxsən söhbət etdiyini bildirib.
Əks-səda xəbər verir ki, Amerika lideri bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
“Mən belə şeylərə o qədər də inanmırdım. Mənim ancaq bu barədə danışan dostlarım var. Amma dəqiq bilirəm ki, biz olduqca qəribə şeylər görürük”, – Tramp bildirib.
Prezidentin sözlərinə görə, o, uçuşlar zamanı müşahidə edilən qeyri-adi hadisələr barədə danışan ABŞ Hərbi Hava Qüvvələrinin beş və ya altı pilotu ilə söhbət edib.
Tramp iddia edib ki, pilotlardan biri Amerikanın “F-22” qırıcısından dörd dəfə sürətlə hərəkət edən dairəvi obyekt müşahidə edib.
“Mən soruşdum: “Bəlkə bu, komet və ya başqa bir şey idi?” O cavab verdi: “Xeyr, cənab”, – ABŞ Prezidenti danışıb.


