Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı şəhərindən Qazaxıstanla avtomobil sərhədinə qədər uzanan yeni yolun açılışını edib.
Əks-səda xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.
“Ötən il Türkmənbaşı – Qara-Boğaz – Qazaxıstan sərhədi avtomobil yolunun təməli qoyulub. Bu gün isə onun 44 kilometrlik Qara-Boğaz – sərhədyanı zona hissəsini istismara veririk. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan bu yol-nəqliyyat infrastrukturu beynəlxalq əhəmiyyətli nəqliyyat marşrutlarının əsas həlqəsinə çevriləcək”, – qəzet prezidentin sözlərindən sitat gətirib.
Dövlət başçısı, həmçinin “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq Aşqabad – Daşoğuz avtomobil magistralının təməlqoyma mərasimində iştirak edib. Yolun uzunluğu 550 kilometr təşkil edəcək.
“Bu gün perspektivli “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas həlqəsinə çevrilməsi nəzərdə tutulan Aşqabad – Daşoğuz avtomobil magistralının tikintisinə start veririk. Ölkəmizin şimal bölgəsini paytaxtla birləşdirəcək bu magistralın çəkilməsi nəqliyyat-tranzit potensialını artırmağa, nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməyə, həmçinin qonşu dövlətlər arasında əmtəə dövriyyəsinin, yük və sərnişin daşımalarının həcmini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verəcək”, – Berdiməhəmmədov bildirib.


