ABŞ artıq sentyabrda Venesuela ilə uzunmüddətli enerji sazişi bağlamağı planlaşdırır.
Əks-səda xəbər verir ki, bu barədə “The Washington Post” Vaşinqton və Karakas arasındakı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin dövlət katibi Marko Rubio və energetika naziri Kris Rayt sazişin bağlanmasını elan etmək üçün sentyabrın əvvəlində Venesuelaya səfər etməyi planlaşdırırlar. Bununla belə, neft-qaz sənayesinin bəzi mütəxəssisləri bu müddətə qədər əhəmiyyətli bir razılaşmanın hazırlana biləcəyinə şübhə ilə yanaşırlar.
Qəzet qeyd edir ki, razılaşmaya aparan yolda bir sıra maneələr, o cümlədən təbii sərvətlər üzərində nəzarətin ABŞ-yə verilməsinə Venesuela daxilindəki müqavimət qalmaqdadır. Sazişin həyata keçirilməsi üçün Venesuela Konstitusiyasına dəyişikliklərin edilməsinin tələb olunacağı istisna edilmir.
Mənbələrin məlumatına görə, tərəflər ən azı 17 neft yatağının uzunmüddətli icarə hüququnun ABŞ-yə verilməsini müzakirə edirlər. Söhbət Venesuelanın neft ehtiyatlarının təxminən üçdə birini əhatə edəcək müqavilələrdən gedir. Bu, Vaşinqtona təxminən 90 milyard barel Venesuela neftinə çıxış əldə etməyə imkan verə bilər.
Avqustun 27-də “Axios” portalı yazıb ki, ABŞ administrasiyasında mümkün saziş möhtəşəm olaraq xarakterizə edilir. Nəşrin məlumatına görə, saziş bağlanacağı təqdirdə, ABŞ-nin neft ehtiyatları iki dəfədən çox arta bilər.
Avqustun 28-də “Bloomberg” xəbər verib ki, Vaşinqton Karakasla bəzi Venesuela neft yataqlarının 100 il müddətinə icarəyə götürülməsi imkanını müzakirə edir.


