• Home  
  • 100 milyonluq kredit qalmaqalı: şirkət rəhbərləri həbs olundu
- Gündəm - KriminaI - Manşet - Ölkə

100 milyonluq kredit qalmaqalı: şirkət rəhbərləri həbs olundu

Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi adı altında dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC-dən iri həcmdə kredit aldığı iddia olunur. Əks-səda “Qafqazinfo”ya istinadən xəbər verir ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat zamanı “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler” MMC-nin […]

Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi adı altında dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC-dən iri həcmdə kredit aldığı iddia olunur.

Əks-səda “Qafqazinfo”ya istinadən xəbər verir ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xüsusi əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, eləcə də onlarla əlbir olmaqda şübhəli bilinən Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıblar.

İlkin istintaqın versiyasına görə, həmin şirkətlərin rəhbərləri kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi məqsədilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit əldə ediblər. Araşdırmalar zamanı isə bu vəsaitlərin nəzərdə tutulan istiqamətdə xərclənmədiyi, kənd təsərrüfatına yatırılmaq əvəzinə şəxsi məqsədlər üçün istifadə edildiyi müəyyənləşdirilib.

Toplanmış materiallar əsasında saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Digər bir məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarında iddia olunur ki, hazırda həbs olunan şəxslər onunla əlbir şəkildə xüsusilə külli miqdarda dələduzluq əməlini törədiblər. Bildirilir ki, saxlanılanlardan bəziləri Məmməd Musayevin yaxın çevrəsinə daxildir. Belə ki, Tofiq Musayev onun qardaşı oğlu, Fazil Rüstəmov isə uzun müddət Konfederasiyada müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC səhmləri tam şəkildə dövlətə məxsus olan maliyyə qurumudur. Təşkilatın əsas fəaliyyət istiqaməti sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin güzəştli kreditlərlə təmin olunması və maliyyələşdirilməsidir. Qurumun yaradıldığı 2001-ci ildən 2025-ci ilə qədər ona Məmməd Musayev rəhbərlik edib. Sahil Babayev maliyyə naziri təyin olunduqdan bir müddət sonra isə Musayev vəzifəsindən ayrılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.