Bu yay Almaniyada ekstremal yüksək temperaturlar nəticəsində 14 minə yaxın insan ölüb, həm də təxminən 10 min ölüm halı iyunun sonunda bir həftə ərzində qeydə alınıb.
Əks-səda xəbər verir ki, bu, Robert Kox İnstitutunun hesabatında əks olunub.
Məlumata görə, istilərlə əlaqəli 14 min ölüm halından təxminən 9600-ü Almaniyanın bəzi rayonlarında temperaturun 41 dərəcəni keçdiyi 22-28 iyun tarixləri arasında baş verib. Ən həssas qrup 75 və yuxarı yaşdakı insanlar olub.
İnstitut anomal yüksək temperaturlu həftələrdəki ölüm hallarını isti olmayan dövrlərlə müqayisə edərək, vəziyyəti statistik model vasitəsilə qiymətləndirir.
Tibbi sənədlərdə bilavasitə isti nadir hallarda göstərilir. Lakin əksər hallarda yüksək temperatur mövcud xəstəlikləri, o cümlədən ürək-damar, ağciyər və böyrək xəstəliklərini kəskinləşdirir, bu da ölümə gətirib çıxarır.
Qeyd edək ki, institut avqustun 10-na qədər olan vəziyyəti qiymətləndirib.


