Gürcüstanın Acarıstan Muxtar Respublikasında İnterpolun Qırmızı Xəbərdarlıq sistemi ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq axtarışa verilmiş şəxsi saxlayıblar.
Həmin şəxs xuliqanlıq və özgənin əmlakına qəsdən ziyan vurmaqda ittiham olunur.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs Gürcüstan-Türkiyə sərhədində yerləşən Sarpi gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.


