Rusiyanın ötən gecə Ukraynanın Kiyev şəhərinə və vilayətinə hava hücumu nəticəsində 17 nəfər ölüb, daha 44 nəfər yaralanıb.
Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında yazıb.
Zelenskinin sözlərinə görə, Rusiya qoşunları Ukrayna paytaxtına və vilayətə 24 ballistik raket, dörd “Sirkon/Oniks” raketi və 115 pilotsuz uçuş aparatı buraxıb.
Ukrayna lideri qeyd edib ki, zərbənin əsas hədəfləri mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, pivə zavodu, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmiryol vağzalı olub.
Zelenski onu da əlavə edib ki, raket hücumundan müdafiə sistemləri üçün əlavə ələkeçirici raketlərin tədarükü insanların ölümünün qarşısını ala bilərdi.
Xatırladaq ki, Rusiya avqustun 5-nə keçən gecə Ukraynanın Kiyev şəhərinə və vilayətinə hücum edib. Brovarı rayonunda, Bolşaya Dımerka qəsəbəsində, eləcə də Kvitnevoye və Pobeda kəndlərində anbar və logistika binalarında irimiqyaslı yanğınlar baş verib. Fastov rayonunda xilasedicilər müəssisələrdən birinin ərazisində yanan nəqliyyat vasitələrini söndürüblər.


