Tayvan Silahlanma İdarəsi adada hazırlanmış “Cheetah” (“Gepard”) adlı zirehli təkərli döyüş maşınını ilk dəfə sınaq atışları zamanı nümayiş etdirib.
Əks-səda xəbər verir ki, bu barədə Taipei Times məlumat yayıb.
Məlumata görə, “Cheetah” zirehli maşınlarının seriyalı istehsalına 2027-ci ildə başlanılması planlaşdırılır.
“Cheetah” Tayvan Silahlanma İdarəsi ilə Çunşan Elm və Texnologiya İnstitutunun birgə layihəsidir. Döyüş maşını 105 millimetrlik top və iki pulemyotla təchiz olunub.
Sınaqlar zamanı “Cheetah” həm hərəkətsiz, həm də hərəkətdə olan hədəflərə qarşı müxtəlif məsafələrdən altı ədəd yüksək partlayış-fuqaslı mərmi ilə atəş açıb. Atışlar həm dayanmış vəziyyətdə, həm də maşın hərəkətdə olarkən həyata keçirilib.
“Cheetah” prototipi ilk dəfə 2023-cü ildə sınaqdan keçirilib. Sınaqların nəticələrinə əsasən, döyüş maşınının konstruksiyasına bir sıra dəyişikliklər edilib. Tayvan hərbçiləri ümumilikdə 178 ədəd “Cheetah” sifariş edib. Maşınların seriyalı istehsalının 2027–2033-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin ümumi büdcəsi 57,07 milyard Tayvan dolları, yəni təxminən 1,8 milyard ABŞ dolları təşkil edir.


