Siciliyada Etna vulkanının püskürməsi nəticəsində yaranan kül buludu Maltaya çatıb və ölkənin yeganə hava limanının işləməməsinə səbəb olub.
Əks-səda “Times of Malta”ya istinadən xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar aviaşirkətlər turizm mövsümünün qızğın vaxtında bir sıra reysləri ləğv etməyə və təxirə salmağa məcbur olublar.
Malta beynəlxalq hava limanının nümayəndəsinin sözlərinə görə, çərşənbə axşamı 19 uçuş ləğv edilib, daha bir neçə uçuş uzun müddət təxirə salınıb. Maltadan təxminən 220 km şimalda yerləşən Etna vulkanı keçən həftə fəallığını bərpa edib. Bundan əvvəl, külün buraxılışı səbəbindən, İtaliyada beşinci ən işlək olan, Kataniyada Siciliyanın əsas hava limanı işi dayandırıb. Hava limanının administrasiyası uçuşların qəbulu və göndərilməsinə qoyulan məhdudiyyəti uzadıb.
Malta və Kataniyadan yola düşməyi planlaşdıran sərnişinlərə uçuşlarının vəziyyətini əvvəlcədən aydınlaşdırmaq tövsiyə olunur.


