Panama bayrağı altında üzən “On Peace” tankeri Hörmüz boğazından keçməyə cəhd edərkən atəşə tutulub, nəticədə 12 heyət üzvü yaralanıb.
Əks-səda xəbər verir ki, bu barədə “Kommersant” Hindistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
“Ticarət gəmisinə bugün edilən hücumu pisləyirik… 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Məlumdur ki, 12 heyət üzvü, o cümlədən 11 Hindistan vətəndaşı yaralanıb”, – qurumdan bildirilib.
Oman hakimiyyətinin dəstəyi ilə yaralanan dənizçilər təxliyə edilib və müalicə üçün Əl-Xəsaba çatdırılıb.
“Regionda gəmilərə hücum hallarının davam etməsi Hindistanda hələ də dərin narahatlıq doğurur. Sülh və sabitlik naminə biz bir daha bu cür hücumların dərhal dayandırılmasına çağırırıq”, – qurumdan əlavə edilib.
Hindistan XİN həmçinin beynəlxalq su yolları ilə gəmiçilik və ticarəti mümkün qədər tez bərpa etməyə çağırıb.


