Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev və Moldova Xarici İşlər Nazirliyinin dövlət katibi Korina Kelugeru Kişineuda keçirilən görüş zamanı ikitərəfli münasibətlərin cari vəziyyətini və iqtisadi, enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
“Əks səda” xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər iqtisadi dialoqun fəallaşdırılması və birgə layihələrin həyata keçirilməsi məqsədilə Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələrin keçirilməsi və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının növbəti iclasının təşkili imkanını nəzərdən keçiriblər.
Görüş zamanı tərəflər, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlərin genişləndirilməsini, ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsini, ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının inkişaf etdirilməsini, eləcə də yaxın gələcək üçün planlaşdırılan birgə tədbirləri müzakirə ediblər.
Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət ayırıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşün yekununda tərəflər Azərbaycan və Moldova arasında əməkdaşlığı dərinləşdirmək və şaxələndirmək niyyətini təsdiq ediblər.


