İtaliyanın Siciliya adası sahillərində yüzlərlə antik qabların olduğu batmış gəmi aşkar edilib.
Əks-səda İtaliyanın Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tapıntı son illərin ən mühüm sualtı arxeoloji kəşflərindən biri hesab olunur.
Qeyd olunub ki, gəmi Mazara del Vallo ərazisində 46 metr dərinlikdə aşkar edilib. Gəminin yaxınlığında həmçinin iki qurğuşun lövbər və eyni materialdan olan daha bir konstruksiya tapılıb.
Alimlərin rəyinə görə, aşkar edilmiş artefaktlar eramızdan əvvəl II–I əsrlərə aiddir.
İtaliyanın Mədəniyyət Nazirliyindən qeyd edilib ki, tapıntı Aralıq dənizinin sivilizasiyaların kəsişmə nöqtəsinə çevrildiyi insanlar, ticarət marşrutları və mal mübadiləsi haqqında yeni məlumatlar əldə etməyə imkan verir.
Tapıntının aşkar edildiyi yerdə tədqiqatlar davam edəcək.


