Çin güclü “Dolfin” qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşması ilə əlaqədar meteoroloji təhlükənin ən yüksək, qırmızı səviyyəsini elan edib.
Əks-səda “China Daily”yə istinadən xəbər verir ki, bazar günü axşam və ya bazar ertəsi gecəsi “Dolfin”in Çjezyan əyalətindəki Çouşan şəhəri ilə Fuszyan əyalətindəki Fudin şəhəri arasındakı sahilə çıxacağı proqnozlaşdırılır.
Qasırğa quruya çıxdıqda küləyin sürəti 38-45 m/s-ə çata bilər, bundan sonra tayfun ölkənin daxilinə irəlilədikcə zəifləməyə başlayacaq.
Bazar günündən çərşənbə axşamına qədər Şərqi Çin dənizində, Tayvanın şərqindəki Dyaoyudao adaları bölgəsində və Hançjou körfəzi bölgəsində, Çjezyan sahillərində və Yanzı çayının mənbəyində güclü küləklər proqnozlaşdırılır.
Bazar günündən çərşənbə gününə qədər Fuçzyan, Çjezyan, Şanxay, Szyansi, Szyansu, Anhoy, Hubey, Henan, Şandun, Hebey, Pekin və Tyanszin bölgələrinə güclü yağışlar yağacaq. Meteoroloqların fikrincə, “Dolfin” qeyri-adi uzun dövrü ilə fərqlənir. Onun mövcudluğunun 15 gündən çox – tayfunun orta ömrünün üç qatından çox olacağı gözlənilir.

