ABŞ Hərbi Dəniz Qüvvələrini (HDQ) silahlandırmağa çalışdığı perspektivli aviasiya əsaslı “Silent Anvil Air-Launched” (SAA-LT) torpedosu süzən sursat olacaq.
Əks-səda xəbər verir ki, bu barədə ixtisaslaşmış “Defense News” nəşrinin materialında deyilir.
Hazırda hərbçilər sursatın iki variantını nəzərdən keçirməyə hazırdırlar. Birinci layihə akustik siqnallar əsasında sualtı hədəfə doğru süzəcək təyyarə və dronlar üçün nəzərdə tutulmuş tamamilə yeni bir torpedodur. İkinci variant isə mövcud torpedolara bərkidilə bilən süzmə və tuşlama dəstidir.
Hərbçilər həm daxili bölmələrdə, həm də xarici asqılarda yerləşdirilə bilən silah əldə etmək istəyirlər. SAA-LT-ni mövcud “BRU-61/A” pilonlarında daşımaq istəyirlər. Əlavə edilib ki, perspektivli torpedo “GBU-39” kiçikqabaritli bombaya bənzər yığcam və yüngül forma-faktora malik olmalıdır. Məmulatın çəkisi 121 kiloqramı aşmamalıdır.
HDQ müqavilə bağlandıqdan sonrakı 18 ay ərzində torpedonun prototipini əldə etməyi planlaşdırır. Məmulatın nümayişindən sonra istehsalçı 180 ədəd tamölçülü SAA-LT istehsal etməlidir.


