Yəmən husiləri Qırmızı dənizdə Səudiyyə Ərəbistanının hərbi gəmisinə və onu müşayiət edən dörd gəmiyə hücum ediblər.
Əks-səda xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sari teleqramda məlumat verib.
Səudiyyə hakimiyyəti hələlik bu məlumatı təsdiqləməyib.
Hücum Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və beynəlxalq gəmiçilik üçün mühüm əhəmiyyət kəsb edən strateji dəniz keçidi olan Bab-əl-Məndəb boğazının yaxınlığında yerləşən Moxa limanı ərazisində baş verib.
Bundan əlavə, beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətindəki iki mənbə “Reuters”ə bildirib ki, husilər Bab-əl-Məndəb boğazında gəmiyə altı raketlə hücum ediblər. Onların məlumatına görə, gəmi bir ildən artıqdır istismar olunmurdu və texniki xidmətdə idi. Ehtimal olunur ki, hücum vaxtı o, boş olub.
Husilər bunu Ər-Riyadın Yəmənə qarşı hərəkətləri ilə izah edərək, iyul ayında Qırmızı dənizdə Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etdiklərini açıqlamışdılar. Səudiyyə hakimiyyəti bu ittihamları rədd edib.

