Rusiyanın “Kalaşnikov” konserni Bakıda 30 sentyabrdan 2 oktyabradək keçiriləcək ADEX 2026 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni qısaldılmış və kiçikölçülü avtomatları, həmçinin “KUB” ailəsinə aid zərbə sursatlarını təqdim edəcək.
Əks-səda xəbər verir ki, bu barədə konsernin mətbuat xidmətinin məlumatında deyilir.
Sərgidə ilk dəfə 5,45 mm-lik qısaldılmış AK-12K və kiçikölçülü AK-12SK avtomatları, 7,62 mm-lik qısaldılmış AK-15K və kiçikölçülü AK-15SK avtomatları təqdim ediləcək.
Bundan əlavə, konsern Azərbaycanda ilk dəfə “KUB” ailəsinə aid idarə olunan baraj sursatlarını – “KUB-2-E”, “KUB-10E” və “KUB-10ME” nümayiş etdirəcək.
Pilotsuz uçuş aparatları seqmentində “KUB” ailəsindən əlavə, idarə olunan sursatlarla təchiz edilmiş daşınan kəşfiyyat-zərbə sistemi “RUS-PE” və mülki təyinatlı SKAT 350 M pilotsuz uçuş aparatı da sərgilənəcək.
Bundan başqa, “Kalaşnikov” konserninə daxil olan “Triada-TKO” şirkəti ilk dəfə Military Special seriyasından taktiki geyimləri və MRS 1.0 modul boşaltma sistemini təqdim edəcək.


