Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən azı 37 nəfər ölkənin qərbindəki Niger əyalətində həbsxanada ölüb.
Əks-səda xəbər verir ki, onların ölüm səbəbi hələ müəyyən edilməyib.
Saxlanılanları qoruyan Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun nümayəndələri meyitlərin məhkəmə-tibbi ekspertizası üçün Minna şəhərinin xəstəxanasına aparıldığını bildiriblər.
Niger əyalətinin qubernatoru Məhəmməd Umaru Baqo deyib ki, ilkin araşdırmalar ölüm səbəbinin boğulma və ya qurğuşun zəhərlənməsi ola biləcəyini göstərir.
O əlavə edib ki, ölüm səbəbi istintaqın bir hissəsi olaraq müəyyən edilir.


