Rumıniya hökuməti elektrik enerjisi istehsalının azalması ilə əlaqədar avqust ayı üçün milli səviyyədə həyəcan rejimi elan edib.
Əks-səda xəbər verir ki, bu barədə həm də energetika naziri postunu tutan Rumıniyanın Baş naziri İlie Bolojan məlumat yayıb.
Onun sözlərinə görə, buna səbəb quraqlıq və çaylarda, ilk növbədə, Dunay çayında suyun səviyyəsinin kəskin azalması olub.
“Saniyədə 4 min kubmetrdən çox su əvəzinə indi saniyədə 1,6 min kubmetr suyumuz var. Nəticədə “Çernavode” AES-nin suqəbuledici hovuzunda suyun səviyyəsi aşağı düşüb. Bir neçə gün əvvəl stansiyanın birinci enerji blokunu dayandırmaq məcburiyyətində qaldıq”, – İ. Bolojan bildirib.
O qeyd edib ki, ikinci enerji blokunun dayandırılması üzrə yüksək risk mövcuddur və bu da milli elektrik enerjisi istehsalının təxminən 20 %-nin itirilməsinə gətirib çıxaracaq.
İ. Bolojan həmçinin Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə Ukraynanın atom elektrik stansiyalarından birində istehsal olunan elektrik enerjisinin tədarükü hesabına Rumıniyaya dəstək verilməsi imkanını müzakirə etdiyini bildirib.
Onun sözlərinə görə, “Transelectrica” və “Nuclearelectrica” şirkətləri yaxın günlərdə Ukrayna tərəfindən təcili yardım barədə danışıqlar aparacaq.
Bundan başqa, hökumət “Çernavode” AES-yə su axınını artırmaq üçün Dunay çayının Bala qolunda hidrotexniki işlərin aparılmasına vəsait ayrılması barədə qərar qəbul edib.
Baş nazir həmçinin şirkətləri və əhalini xüsusilə axşam saatlarında elektrik enerjisi istehlakını könüllü olaraq azaltmağa çağırıb, çünki proqnozlara görə, növbəti iki həftə ərzində ölkədə əhəmiyyətli yağıntı gözlənilmir.


