“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Əks-səda xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
59-cu dəqiqədə “köhlən atlar”ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.
Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.
Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan “Qarabağ”ın uğurlu seriyası da qırılıb.
***
22:09
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” (Niderland) oyununda üçüncü qol vurulub.
Əks-səda xəbər verir ki, qonaqlar 90+2-ci dəqiqədə hesabda önə keçib – 2:1.
Maks Bryuns fərqlənib. Əsas vaxt bu hesabla yekunlaşıb.
Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün görüşdə əlavə vaxta ehtiyac duyulub.
***
21:33
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” (Niderland) oyununda hesab açılıb.
Əks-səda xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
59-cu dəqiqədə Kadi Borges fərqlənib.
***
21:03
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” (Niderland) oyununda ilk hissə başa çatıb.
Əks-səda xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qeyd edək ki, tərəflər arasında Niderlandda baş tutan ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
***
8
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” (Niderland) oyunu başlayıb.
Əks-səda xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Görüş hava şəraiti ilə əlaqədar 15 dəqiqə gec start götürüb.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.









