Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 evin tikintisi başa çatdırılıb.
Əks-səda xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə jurnalistlərə açıqlamasında deyib.
O, kənddə inşa edilən yaşayış evlərinin həyətyanı sahə ilə təmin olunduğunu bildirib:
“Zəngilan rayonunun Cahangirbəyli kəndi ümumi olaraq 179,54 hektar ərazidə layihələndirilib və tikinti işlərinə 2024-cü ildə başlanılıb. İlkin olaraq 62,5 hektar ərazidə 242 fərdi yaşayış evinin tikinti işləri həyata keçirilib. İnşa edilən yaşayış evləri köçəcək ailələrin say tərkibinə uyğun olaraq iki, üç, dörd və beş otaqlıdır. Evlərin 162-si 2-3 otaqlı olmaqla bir mərtəbəli, qalanları isə 4-5 otaqlı olmaqla iki mərtəbəlidir. Hazırda evlərdə son tamamlama və bəzək işləri görülür. Hər bir fərdi yaşayış evi həyətyanı sahə ilə təmin olunub. Həmçinin evlərin həyətində yardımçı tikililər də inşa edilib. Kəndə köçəcək əhalinin gündəlik tələbatlarının ödənilməsi üçün müasir tələblərə cavab verən qeyri-yaşayış obyektlərinin tikintisi də nəzərdə tutulub”.
E.Ağazadənin sözlərinə görə, kənddə zəruri infrastruktur layihələrinin icrası davam etdirilir:
“Layihə çərçivəsində Cahangirbəyli kəndində 264 şagird yerlik orta məktəb, 80 yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, çoxfunksiyalı bina və bazar kompleksi də inşa olunub. Kənddə zəruri infrastruktur layihələrinin icrası davam etdirilir. Bundan əlavə, köçəcək əhalinin müasir və rahat həyat şəraitinin təmin olunması məqsədilə bütün kommunikasiya işləri, həmçinin kəndin yağış və sel sularından mühafizəsi istiqamətində layihələndirmə işləri də başa çatdırılıb. Artıq ərazidə layihə üzrə nəzərdə tutulan həllərin tətbiqinə başlanılıb”.
İcraçı direktorun müavini Cahangirbəyli kəndinin inşası zamanı tikinti normativlərinə və görülən işlərin yüksək keyfiyyətlə icra olunmasına xüsusi diqqət yetirildiyini qeyd edib.


