Almaniya təxminən 12 milyard avro tələb edə biləcək yeni uzaqmənzilli silah arsenalı yaratmağı planlaşdırır.
Əks-səda xəbər verir ki, bu barədə “Welt” Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, raketlərin ilk tədarükü 2027-ci ildə gözlənilir.
Proqram dörd istiqaməti nəzərdə tutur. Onların arasında azxərcli qanadlı raketlər (LCCM), Amerikanın “Tomahawk” raketləri, həmçinin Böyük Britaniya ilə birgə yeni yüksək dəqiqlikli uzaqmənzilli qanadlı raket və hipersəsli planlaşdırıcı döyüş bloku layihələri var.
İlk LCCM-lərin 2027-ci ildən etibarən əldə edilməsi planlaşdırılır. Nəzərdən keçirilən variantlar arasında “Anthem”, Ukraynanın “BARS” və “Flamingo” raketləri var. “Welt”in məlumatına görə, Almaniya artıq iki tədarükçü ilə müqavilə danışıqları aparır. Bildirilir ki, bu sistemlər daha ucuz və kütləvi istehsal üçün yararlı olacaq.
Eyni zamanda, Berlin onilliyin sonuna qədər Amerikanın “Tomahawk” raketlərini yerüstü “Typhon” kompleksindən buraxmaq imkanı əldə etməyə ümid edir. Böyük Britaniya ilə birgə sistemlər 2030-cu illərdə ortaya çıxmalı və 2 min km-dən çox məsafədəki hədəfləri vurmalıdır.
Sənədlərə əsasən, təxminən 9 milyard avro hipersəsli döyüş blokunun hazırlanmasına və alınmasına, daha 1,8 milyard avro isə qanadlı raketlərə yönəldilə bilər. Lakin təxminən 12 milyard avro hələlik yalnız ehtiyacların daxili qiymətləndirilməsidir və təsdiqlənməyib. Almaniya Müdafiə Nazirliyindən vurğulayıblar ki, layihələrin həyata keçirilməsi Bundestaqın təsdiqini tələb edir.


