Saatlıda minik avtomobili işıq dirəyinə çırpılıb, sərnişin ölüb.
Əks-səda xəbər verir ki, 2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dəmir-beton hasara çırpılıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər – Könül Mirzağa qızı Məmmədova və Bahar Möhsüm qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Həmçinin qeyd olunub ki, baş verən avtoqəzada ölən 7 yaşlı uşaq sürücünün bacısı olub.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsidir.


